Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brejnevi Kremlə “Jiquli” ilə daxil olmağa məcbur edən səbəb

1979-cu ilin qarlı dekabr günlərinin birində Qırmızı meydandan keçənlər maraqlı bir hadisənin şahidi olublar. Mavi rəngli “Vaz-2106” maşınının Kremlin meydan tərəfə baxan girişindən böyük sürətlə içəri daxil olması diqqətdən yayınmayıb. Adətən dövlət maşınlarının keçdiyi bu girişdə “Çayka”lar, “Volqa”lar milis, xüsusi mühafizə avtomobilləri ilə müşayiət edildiyi halda, “Jiquli”nin tək və müşayiətsiz, sürətlə içəri keçməsi təəccüb doğurub.

Maraqlıdır, Kremlə tələsən şəxs kim olub və dövlət nömrə nişanına görə şəxsi maşın sayılan “Jiquli”dən niyə Kreml mühafizəçiləri buraxılış sənədi tələb etməyiblər? Əksinə, darvazalar mavi “Jiquli”nin üzünə taybatay açılıb.

Həmin gün saat 11-də Leonid Brejnevin bir neçə xarici dövlət nümayəndələri ilə görüşü planlaşdırılıb. Xüsusilə, Kanada nümayəndə heyəti ilə görüşü baş katib vacib sayıb. Səhər saat 9-30-da Brejnev bağ evindən çıxmağa hazırlaşanda DTK-nın 9-cu idarəsindən baş katibin mühafizəsinə zəng gəlib, bildirilib ki, Brejnevin bağ evindən çıxışı qeyri-müəyyən vaxta qədər dayandırılsın, o da bildirilib ki, bu şəxsən Yuri Andropovun əmridir. Belə ki, DTK-ya daxil olan məlumata görə həmin gün Moskvada təhsil alan bir qrup xarici tələbə baş katibə sui-qəsd hazırlayıblar. Bu qəsdin sifarişçisinin kim olduğu, hansı şəraitdə keçiriləcəyi hələ ki, tam məlum olmadığında Brejnevin təhlükəsizliyi üçün onun çıxışını dayandırmaq məqsədəuyğun sayılıb.

Baş katibin şəxsi mühafizə rəisi Aleksandr Ryabenko bu haqda Brejnevi məlumatlandıranda “təmkinli” sovet lideri əsəblərinə hakim kəsilə bilməyib:

-Dövlət güc strukturlarına bu qədər vəsaiti nəyə görə ayırır? Baş katib öz iş yerinə təhlükəsiz gedə bilməyəcəksə bunlar kimə lazımdır? Bəs xarici qonaqlar bizim haqqımızda nə düşünəcəklər? Yəqin fikirləşəcəklər ki, bir ölkə öz liderini qoruya bilmirsə, sıravi vətəndaşlarını necə qoruya bilər? Mən görüşə gecikməməliyəm və qonaqlar bu haqda heç nə bilməməlidirlər. Biz getməliyik...

Bu sərt ifadələrdən sonra Brejenvin təhlükəsizliyinə cavabdehlik daşıyan Ryabenko vəzifəsini itirməkdən, hətta həbs olunmaqdan belə qorxmayaraq qərar qəbul edib:

-Leonid İliç, əyləşin mənim şəxsi maşınıma. O maşını heç kim tanımır.

Mühafizə rəisinin fikri Brejnevin ağlına batıb:

-Amma bir şərtlə, sükan arxasında özüm əyləşəcəyəm.

Beləliklə, Brejnevin avtomobil karvanını qabağa buraxıblar. Həmişə olduğu ki, baş katibin xidməti avtomobili müşayiət altında Kremlə istiqamət alıb. Amma həmişə olduğu kimi, Brejnev öz avtomobilində olmayıb.

Yola çıxmazdan 5-10 dəqiqə qabaq Ryabenko öz müavinini Kremlə yola salıb. Rabitə vasitələri ilə məlumatı ötürməkdən və məlumata qulaq asılacağına şübhə edən mühafizə rəisi işini  ehtiyatla tutub.

Baş katibin avtomobil karvanı yola çıxıb. Arxasınca Brejnev mavi “Jiquli” ilə şütüyüb. Sadovoy dairəsinə yaxınlaşanda Ryabenko Brejnevdən soruşub:

-Leonid İliç, sizə soyuq deyil?

-Saşa, deyəsən sən bütün hisslərini itirmisən. İçəridəki istini hiss etmirsən?

-Leonid İliç, demək istəyirəm ki, papağınızın qulaqlarını aşağı endirin. Tanınmamağınız üçün bu vacibdir.

-Narahat olma, indi mən bu dairədən elə sürətlə keçəcəyəm ki, heç kim mənə diqqətlə baxa bilməyəcək.

Kutuzov prospektinə çatanda mavi “Jiquli” baş katibin karvanını arxada qoyaraq Qırmızı meydana tərəf istiqamət alıb. Ryabenkonun müavini Kremlin girişində onları gözləyib. “Jiquli” saat 10-52-də sürətlə Kremlin həyətinə daxil olub. Görüş vaxtında baş tutub.

Bu hərəkətinə görə Aleksandr Ryabenko birbaşa tabe olduğu DTK-ya dəvət olunub. Andropov onu yaxşı danlasa da, sonda təşəkkür elan edib:

-Brejnevin bu görüşə gecikməyi, gecikməyinin səbəbi qərb mətbuatında sensasiya kimi təqdim ediləcəkdi. Sən buna imkan vermədin.

Brejnevə sui-qəsd etmək istəyənlər isə elə həmin gün saxlanılıblar. Çexoslovakiyadan olan tələbələr heç də baş katibə sui-qəsd etmək fikrində olmadıqlarını bildiriblər. Qeyd ediblər ki, onlar sadəcə Brejnevin diqqətini özlərinə cəlb etmək, təhsillərində yaranmış problemləri ona çatdırmaq niyyətində olublar.

Aleksandr Ryabenko isə bu “qəhrəmanlığının” sayəsində şəxsi maşınından məhrum olunub. Axşam bağa qayıdanda Brejnev onu süfrəyə dəvət edib:

-Saşa, sənin maşının çox xoşuma gəldi. İşlər İdarəsinə göstəriş verəcəyəm ki, sənə başqa maşın alsınlar. Mavi “Jiquli”ni isə sən mənə bağışlamaq məcburiyyətindəsən.

Bir neçə gündən sonra həmin maşın avtomobil zavodunda yenidən yığılaraq Brejnevin şəxsi qarajına təhvil verilib.

Qeyd edək ki, 1990-cı illərdə mavi “Jiquli” hərraca çıxarılaraq 85 min ABŞ dollarına satılıb.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əli silahlı yolda hazır durublar” - Qərbi Azərbaycan Xronikası

Göygöldə yük və minik avtomobilləri toqquşub  

Ən çox oxunanalar